Azərbaycan millisi məğlubiyyətsizlik seriyasında rekord qırdı

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Azərbaycan millisi baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ardıcıl 7 oyundur məğlub olmayaraq ölkə futbolu üçün yeni rekord müəyyənləşdirib. Komanda bu müddətdə 5 qələbə qazanıb və 2 dəfə heç-heçə edib.

Daha əvvəl milli komanda tarixində ən çox 6 oyunluq məğlubiyyətsizlik seriyası qeydə alınmışdı. Bu göstərici 1998-ci ildə Vaqif Sadıqov, 2013-cü ildə Berti Foqts və 2018-ci ildə Qurban Qurbanovun dövründə təkrarlansa da, 7 matçlıq həddi keçə bilməmişdi.

Ayxan Abbasovun gəlişi ilə komandada nəsil dəyişikliyi və köklü rotasiyalar aparılıb. Heyətin özək hissəsi yenilənərək gənclərə geniş meydan verilib, Eşqin Əhmədov, Murad Məmmədov, Nihad Əhmədzadə və Ağadadaş Salyanski kimi oyunçular debüt ediblər.

İtaliyanın “Sampdoriya” klubunun üzvü Lorenzo Mezzoteronun da heyətdə olması gözlənilirdi, lakin mikrozədə səbəbindən o, matçlarda iştirak edə bilməyib. Onun əvəzinə dəvət alan Ağadadaş Salyanski isə şansını dəyərləndirib.

Taktiki baxımdan yeniliklərə əl atan Ayxan Abbasov komandanın oyun fəlsəfəsini dəyişib. Milli artıq rəqibi gözləmək əvəzinə oyunu diktə etməyə və rəqibi sıxmağa üstünlük verir.

Baş məşqçi Ayxan Abbasov yığmanın hədəfinin yuxarı qalxmaq olduğunu bildirib. O, hazırkı seriyanı davam etdirməyin vacibliyini vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6